03.11.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 2.11.2022-ci il tarixdə Ümumdünya Uşaq Hüquqları Günü və Uşaq Hüquqları haqqında Konversiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə "Uşaqlara hüquqlarını öyrədək və müdafiə edək" başlıqlı oxucu konfransı keçirdi. Konfransı giriş sözü ilə kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və uşaqları bu münasibətlə təbrik etdi. Rahilə Qasımova Ümumdünya Uşaq Hüquqları Gününün yaranması və Uşaq Hüquqları haqqında Konversiyanın qəbul edilməsi haqqında qısa məlumat verdi: hər il olduğu kimi bu ildə ölkəmizdə 20 oktyabrdan 20 noyabradək "Uşaq hüquqları aylığı" keçirilir. "Uşaq hüquqları aylığı"nı keçirməkdə məqsəd uşaq hüquqlarının təbliği, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirmək, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfə verməkdir. Həmçinin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Tədbirdə Vəkillər Kollegiyasının üzvü, Xəzər rayon Qadın Resurs Mərkəzinin vəkili, hüquqşünas Elnarə Eyyubova, Gəncə şəhər Hüquqi Xidmət Rəhbəri hüquqşünas Sevil Tağıyeva, Gəncə şəhər "Yetkinlik yaşına çatmayanlar işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi böyük məsləhətçisi Lamiyə Məmmədova, K.D.Uşinski adına 29 saylı tam orta məktəbin UTBR-i Mehriban Allahverdiyeva və həmin məktəbin 8 sinif şagirdləri Leyla Səmədova, Aysun Dadaşova, Murad Cəfərov çıxış etdilər.
Çıxış edənlər BMT tərəfindən 20 noyabr 1989-cu il tarixində 54 maddədən ibarət "Uşaq Hüquqları haqqında Konversiya"nın qəbul edilməsi haqqında ətraflı məlumat verdilər. Ölkəmiz 21 iyun 1992-ci ildə uşaqların yaşaması, inkişafı üçün zəruri olan mühüm standartların müəyyən edilməsi və hüquqlarının qorunması məqsədilə Uşaq Hüquqları Konversiyasına qoşulmuşdur. Konfransda həmçinin müxtəlif vaxtlarda qəbul edilmiş qanunlar, sərəncamlar və Milli Fəaliyyət Proqramlardan danışıldı.
Tədbirdə çıxış edən məktəblilər öz qanunlarını mükəmməl öyrənməklə vətənlərinə layiq vətəndaş olmaq, yaxşı oxuyaraq vətənlərini hər zaman müdafiə etmək və qorumaq arzusunda olduqlarını bildirdilər.
Sonda Uşaq Hüquqları ilə bağlı videoçarx nümayiş etdirildi.